Müsahibim Qaraqaya istiqamətində didərgün düşmüş xocalıların harayına çatmış qerətli Vətən oğullarından biri Oruc Cabbarovdur. Cabbarov Oruc Rəhbər oğlu 1962-ci il mart ayının 7-də Ağdam rayonunun Əhmədavar kəndində anadan olub. Əhmədavar kəndində “Qarabağ Müdafiəsi Şahinləri” batalyonunun komandiri olub. Qeyd edim ki, Əhmədavar kəndi Ağdamdan Şuşaya, Xankəndinə tərəf axırıncı kənddir. Oruc Cabbarov “Xocalının səsi” qəzetinə müsahibəsində deyir ki, Xocalı soyqırımından bir neçə gün əvvəl erməni terrorçularının yığıldığı Xoramud kəndini almışdıq. Bizim batalyonun həmin kəndin alınmasında və Ağdamın işğalına qədər saxlanılmasında əziyyəti çox olub. Həmin kənddə toplaşan erməni terrorçuları ətraf yaşayış məntəqələrinə hücumlar təşkil edirdilər. Xocalı soyqırımı günü biz gecə saat 3-4 radələrində bildik ki, ermənilər Xocalıya hücum ediblər. - Xocalı soyqırımı axşamı rabitə ilə ətraf rayonlara ermənilərin ağır artilleriya qurğuları ilə hücumu haqqında məlumat verilib. Xocalıya kömək etmək istəyəndə sizə maneə olan qüvvələr oldu? Məlumdur ki, Xocalıya köməklik üçün yuxarıdan göstəriş verilməyib, vahid komandanlıq olmayıb. Bakıdan əmr gəlmədiyindən özümüz əməliyyat hazırladıq. Biz məlumat alanda ki, ermənilər Xocalıda qırğın törədir, öz aramızda qərar verdik ki, camaatın harayına getmək, onları xilas etmək lazımdır. On beş nəfər olardıq, biz Qaraqaya istiqamətinə tərəf getdik. Əgər Qaraqaya götürülməsə, onda Əhmədavar kəndinə tərəf pənah gətirən xocalıların yolu açılmırdı. Əməliyyatı gecikdirsək, onda camaata kömək etmək gec olacaqdı. Hədəfimiz Qaraqayanın götürülməsi idi. Məqsəd Əsgəranla Ağdam arasında yerləşən bu yüksəklikdəki erməni postunu dağıtmaq, bununla da mühasirədən sağ-salamat çıxan Xocalı sakinlərinin yolunu açmaq idi.İki tank və 15 nəfər döyüşçü ilə əməliyyata başladıq. Qaraqayanın aşağısından Qarqarçay axırdı. Yoldaşlarla məsləhət etdik ki, 3 nəfər Qarqarçayın sahili ilə getsin, digərlərimiz isə yuxarıya - Qaraqayaya qalxaq. Biz mümkün qədər səssiz, çevik olmalı idik. Qaraqaya postuna 20-30 metr qalmış aşağıda atışma oldu. Fikirləşdik ki, yuxarı çıxıb oradan aşağıdakılara kömək edək. Çünki aşağı düşsək, bizim mövqemiz əlverişsiz olacaqdı, bir də ki, əsas məqsəd Qaraqayanın azad edilməsi idi. Qaraqayanın arxasında ermənilərin bir BTR-i və bir BMP-si vardı. Postda təxminən 10-11 erməni olardı. Postda dayanan iki ermənini vurduq. Bizim arxamızca gələn köməkdən ehtiyatlanan ermənilər texnikaları götürüb başqa istiqamətə apardılar. Həmin vaxtda çayın kənarında İsgəndər, Yaşar yaralandı. Biz Qaraqayanı götürdük. Yüksəklik bizdə olanda camaatın harada olduqlarını görə bildik, qışqırtı səslərini eşitdik. Qaraqayanı aldıqdan sonra yaralıların, çöllərdə qalan insanların köməyinə getdik. Hər tərəfdə ağır yaralılar, işkəncə ilə qətlə yetirilənlər var idi. Yolda qalanları, yaralıları gətirib arxamızca gələn yoldaşlara təhvil verirdik. Sonra yenidən atışa-atışa irəli gedirdik. Ağdama pənah aparmaq istəyən qadınlar, qocalar, körpə uşaqlar ağlasığmaz qəddarlıqla qətlə yetirilmişdi. Bu vəhşiliyi sözlə ifadə etmək çox çətindir.Əsgəran qalasına qədər yaxınlaşmışdıq. Biz mühasirəyə düşə bilərdik. Gücümüz çatdığını, gördüklərimizi çıxarda bilmişdik. Bizə köməyə gələnlərdən də xeyli uzaqlaşmışdıq. Bir az irəli gedəndə gördük ki, ətrafı kollarla əhatə olunmuş təpənin üstündə 55-60 yaşında bir yaralı kişi var. Sonradan bildik ki, o ayağa durub bizə söz demək istəyəndə onu vurublar. Bizə Kətikdən, Naxçıvanlıdan, Əsgərandan isə neft-baza tərəfdən atırdılar. Məsləhət oldu ki, yaralı kişini gedib götürəndən sonra geri qayıdaq. Onunla məsafəmiz 30 metr olardı. Xosrov dedi ki, mən onu gedib götürəcəyəm. Xosrovu qorumaq üçün mövqe götürdük. Məndən 20 metr uzaqlaşanda o yerə uzandı. Mən əvvəl elə bildim ki, Xosrov güllə dəyməmək üçün yerə uzanıb, ya da yaralı kişini sürünə-sürünə götürəcək. Həmin vaxt gördüm ki, Əsgərandan - neft-bazanın altından, Qarqarçaydan 3-4 nəfər keçərək bizə tərəf gəlir. Xosrovu çağırdım ki, tez ol, arxamızca ermənilər gəlir. Həmin gələnlərə tərəf bir neçə dənə güllə atdıq ki, görək kimdir. Güllə atılanda onlar səsləndilər ki, Oruc, bizə güllə atmayın, biz Allahverdi Bağırovun uşaqlarıyıq. Əvvəl inanmadıq, şübhə etdik ki, bunlar adımızı haradan bilir. Hər ehtimala qarşı ehtiyatlı olduq. Onlar bizə 50 metr yaxınlaşanda yanımdakı yoldaşa dedim ki, Xosrov necə oldu? Məlum oldu ki, Xosrovu ermənilər vurduqları üçün o yerə yıxılıb. - Siz orada cəmi neçə nəfər oldunuz?- Qarqarçay tərəfdən gələn həmin 3-4 nəfərlə birgə, Xosrov şəhid olandan sonra cəmi 6-7 nəfər qaldıq. - Siz Xosrovun meyitini necə götürdünüz?- Mən Xosrova yaxınlaşanda bir qadın ayağa durub qışqıraraq “qardaş, yoldaşını vurublar, səni də vuracaqlar” - deyib sonra yerə oturdu. Mən həmin qadın tərəfə dönəndə erməni ilə silahımız tuş gəldi. Erməni məni atmamış mən cəld tərpənib onu vurdum. Biz mövqə götürərək həmin yeri mühasirəyə aldıq. Eməni quldurları iki təpənin arasındakı ağaclığa 50-60 nəfər qoca, qadın və uşaqları yığmışdılar. Ermənilər əsir götürdüklərinə səssiz olmaları üçün əmr verərək bizim yaxınlaşmağımızı gözləyiblər. Orada ermənilərin olduğunu bilsək də, saylarını dəqiq bilmirdik. Camaatı çağırıb dedik ki, nə qədər adam var, çıxsın, biz Ağdamdan köməyə gələnlərik. Bu sözü demişdik ki, hərə bir kolun dibindən, qayanın-daşın arxasından başını qaldırıb gizləndiyi yerlərdən çıxdılar. Camaatı arxadan köməyə gələn qüvvəyə tərəf göndərdikdən sonra kolların dibini gülləbaran etdik. Gizlənmiş erməninin birini tutanda, o, bizim dildə dedi ki, ara, mən Vitalikə qohumam, məni öldürmə, mənə görə nə desən verəcəklər sənə.” Yanvarın 29-da Ağdamdan Şuşaya uçan vertolyotun vurulması nəticəsində 40 nəfər şəhid olmuşdu. Onların içində qardaşım, kürəkənim, xalamın qızı və onun ailəsi də var idi. Əvvəl fikirləşdim ki, onu aparıb qardaşımın qəbrinin üstündə başını kəsim. Sonra qadınlar “o erməni bizə çox zülm verib, Xosrovu vuran da odur” - dedilər. Erməniyə hamımız bir yerdə 20-yə qədər güllə vurduq. Sonra da camaatı götürüb gəldik. Oruc Cabbarovun qəhrəmanlığı dövlətimizin başçısı tərəfindən də yüksək qiymətləndirilib. Onun ailəsi 2010-cu ilin noyabrında Quzanlı qəsəbəsində inşa olunan 4 otaqlı, hər cür şəraiti olan mənzillə təmin edilib. Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva onun evinin ilk qonaqları olublar.Oruc Cabbarov bu gün qalib ölkənin qalib vətəndaşı kimi qürur hissi ilə yaşayır. Ali Baş Komandanımızın hünərindən, Müzəffər Ordumuzun 44 günlük haqq savaşımızda şanlı qələbəsindən, uğurlu Fərrux əməliyyatından ruhlanan veteren döyüşçü tezliklə qeyrət simvolumuz olan Xocalının da azad olacağına inanır.Zaman keçdikcə həqiqət işığı daha da parlayır, döyüşlərdə şücaət göstərmiş igidlər, camaatın qeydinə qalanlar el arasında öz hörmətlərini qoruyub saxlayır, gələcək nəsillərə nümunə göstərilir. Oruc Cabbarov da qorxmaz, vətənpərvər insandır. Ağdamdan köməyə gedən igid döyüşçülərin sayəsində Qaraqaya yüksəkliyi götürüldükdən sonra erməni vandallarının mühasirəsindən çıxan Xocalı sakinlərindən bəzilərinin həyatı bu yolla xilas edilib. Biz xocalılar, nə başımıza gətirilən müsibətləri, nə də bizə uzanan kömək əlini unudan deyilik. Qalib BƏYMƏMMƏDOĞLU,“Xocalının səsi” qəzetinin redaktoru